Odlar.media xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə süni intellekt əsasında yeni rəqəmsal təqdimatlar hazırlanıb.
Kitabxanadan bildirilib ki, təqdimatlarda Nizami Gəncəvinin məşhur “Xəmsə” toplusuna daxil olan poemaların ideya-bədii xüsusiyyətləri, fəlsəfi məzmunu, həmçinin mütəfəkkirin insan və cəmiyyət haqqında dərin düşüncələri əks etdirilib.
Müasir informasiya texnologiyalarından istifadə edilməklə hazırlanan təqdimatlar klassik irsin rəqəmsal mühitdə daha əlçatan və maraqlı formada təqdim edilməsinə xidmət edir. Layihənin əsas məqsədlərindən biri xüsusilə gənc nəslin Nizami Gəncəvinin yaradıcılığına marağını artırmaqdır.
“Xəmsə”nin ilk poeması olan **“Sirlər xəzinəsi”**nə həsr edilmiş “Şərq ədəbiyyatının qızıl qapısı” adlı təqdimatda əsərin mənəvi-əxlaqi və fəlsəfi mahiyyəti, insanın kamilliyə, ədalətə və mənəvi ucalığa yüksəlməsi ideyaları ön plana çəkilir.
“Xosrov və Şirin” poemasına həsr olunan “İşıqlı miniatür salnaməsi” adlı təqdimatda sevgi, sədaqət, mənəvi seçim və insan xarakterinin kamilləşməsi kimi mövzulara diqqət yetirilir.
“Leyli və Məcnun” poemasına həsr olunmuş “Əbədi eşqin təkamülü” adlı təqdimat isə klassik Şərq ədəbiyyatının ən məşhur məhəbbət dastanlarından birinə rəqəmsal baxış təqdim edir. Burada məhəbbətin insan ruhuna təsiri, sədaqət və mənəvi bağlılıq kimi anlayışlar xüsusi vurğulanır.
“Xəmsə”nin digər möhtəşəm əsəri olan “Yeddi gözəl” poemasına həsr edilmiş “Kainatın və insan ruhunun təkamülü” adlı təqdimatda əsərin simvolik-fəlsəfi məzmunu, insanın özünü dərk etməsi və mənəvi kamilliyə doğru yolu araşdırılır.
“İsgəndərnamə” poemasına həsr olunan “Müdrikliyə səyahət” adlı təqdimatda isə elm, bilik, ədalət, dövlət idarəçiliyi və müdriklik kimi Nizami yaradıcılığının əsas ideyaları diqqətə çatdırılır.
Bildirilib ki, hazırlanmış təqdimatlar kitabxananın rəsmi internet saytında yerləşdirilib.
