Odlar.media xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan bir sıra müəssisələr 2026-cı ilin ilk yarısında əsas maliyyə, istehsal və ixrac göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib.
Hesabat dövründə “Azər-Türk Bank” ASC-nin xalis mənfəəti 50 faiz artaraq 10,3 milyon manata, “Azəralüminium” MMC-nin gəlirləri 41 faiz artaraq 165 milyon manatdan çoxa, şirkətin alüminium məhsullarının ixracı isə 46 faiz artaraq 98 milyon ABŞ dollarından çoxa çatıb.
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixrac həcmi də ötən ilin eyni dövrü ilə müqayisədə 75,26 faiz artaraq 34 milyon ABŞ dollarına yüksəlib.
“Azər-Türk Bank”ın mənfəəti 50 faiz artıb
2026-cı ilin ilk altı ayında “Azər-Türk Bank”ın xalis mənfəəti 50 faiz artaraq 10,3 milyon manat, əməliyyat mənfəəti isə 30 faiz artaraq 15,3 milyon manat təşkil edib.
Hesabat dövrünün sonunda bankın aktivləri 2 milyard manatı, kredit portfeli 828 milyon manatı, depozit portfeli isə 1,5 milyard manatı ötüb. Bankın kapitalı 14,5 milyon manat artaraq 128,5 milyon manata çatıb.
Bankın dayanıqlı bankçılıq və yaşıl maliyyələşdirmə sahəsində fəaliyyəti də beynəlxalq səviyyədə qiymətləndirilib. “Azər-Türk Bank” CFI.co tərəfindən “Green Banking Sustainability Pioneer Azerbaijan 2026” mükafatına layiq görülüb.
“Azəralüminium”un ixracı 46 faiz yüksəlib
“Azəralüminium” 2026-cı ilin ilk yarısında maliyyə və ixrac göstəricilərində yüksək artım nümayiş etdirib. Şirkətin gəlirləri 41 faiz artaraq 165 milyon manatdan çox olub.
Şirkətin EBITDA göstəricisi 41 milyon manat təşkil edib, mənfəətlilik göstəricisi isə ötən ilin eyni dövrü ilə müqayisədə 151 faiz yüksəlib.
Alüminium məhsullarının ixracı 46 faiz artaraq 98 milyon ABŞ dollarını ötüb. Məhsulların 95 faizdən çoxunun xarici bazarlara göndərilməsi şirkətin Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsində mühüm rol oynadığını göstərir.
2018-ci ildən fəaliyyət göstərən müəssisə indiyədək 400 min tondan çox məhsul istehsal edib, 1,8 milyard manatdan artıq dəyərdə məhsul ixrac edib.
Şirkətdə yüksək əlavə dəyərli soyuq yayma və tökmə rulon məhsullarının istehsalının və satışının artırılması istiqamətində işlər davam etdirilir. Proqnozlara əsasən, 2026-cı ilin sonunda şirkətin gəlirlərinin 300 milyon manatı ötəcəyi gözlənilir.
“Azərpambıq”ın ixracında 75 faizdən çox artım
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də istehsal və emal proseslərinin modernləşdirilməsi, həmçinin əməliyyat səmərəliliyinin artırılması istiqamətində aparılan işlər ixrac göstəricilərinə də müsbət təsir edib.
2026-cı ilin ilk yarısında Cəmiyyətin ixrac həcmi 34 milyon ABŞ dollarına çatıb. Bu, illik müqayisədə 75,26 faiz artım deməkdir.
Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda həyata keçirilən modernizasiya nəticəsində istehsal olunan mahlıcın keyfiyyət göstəriciləri 50 faizdən çox yaxşılaşdırılıb. Hazırda Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda da modernizasiya işləri davam etdirilir.
Cəmiyyətin fəaliyyəti təxminən 3 min əməkdaşı və 3152 fermeri əhatə edir. 2025-ci ildə müəssisə tərəfindən 79 min tondan çox xam pambıq tədarük olunub.
Qarşıdakı dövrdə əsas hədəflər pambıq istehsalında orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılması, əlavə dəyər zəncirinin genişləndirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.
AİH-nin idarəetməsində olan müəssisələrin göstəriciləri maliyyə dayanıqlığının gücləndirilməsi ilə yanaşı, istehsalın modernləşdirilməsi, məhsuldarlığın artırılması, yüksək əlavə dəyərli məhsulların istehsalının genişləndirilməsi və ixracın şaxələndirilməsi istiqamətində aparılan işlərin nəticələrini əks etdirir.
Azərbaycan İnvestisiya Holdinqinin qarşıdakı dövrdə də portfel şirkətlərinin maliyyə və əməliyyat səmərəliliyinin artırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfənin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli 1120 nömrəli Fərmanı ilə yaradılıb.
