🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlanıb

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində yoxlama aparıblar.
Yoxlama zamanı müəssisənin müvafiq icazə olmadan fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Araşdırma zamanı diri quşların müşayiətedici sənədlərinin olmadığı, quşların antisanitar şəraitdə və baytarlıq-sanitariya nəzarəti olmadan kəsildiyi aşkarlanıb. Obyektdə digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin də pozulduğu müəyyən edilib.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində isə inzibati protokol tərtib olunub.
AQTA bir daha bildirir ki, qida zəncirində təhlükəsizliyin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə heyvan və quşların kəsimi mütləq baytarlıq nəzarəti altında həyata keçirilməlidir.