Sirli kələkdən savayı.
Sinəmin altında nə var,
Təşnə ürəkdən savayı.
Tənha atlı, tək gəmiyəm,
Kimsə yox, dərdimi deyəm,
Alışdığım vərdişim var,
Mənim özgə nə işim var,
Səni sevməkdən savayı.
Ümidim qalıbdı səni görməyə,
O küncdə bir nərgiz topası kimi.
Açdım otağının qapısını mən,
Qırxıncı otağın qapısı kimi.
Mən gəlib çatanda getmişdin artıq,
Kimsə də hövsələ qalmayıb indi.
Bütün sualların cavabı aydın,
Cavabsız məsələ qalmayıb indi.
Hər yana, hər tərəfə sil.
Yenə də sızıldayacaq,
Yenə gələcək nəfəsi.
Neyləsən də getməyəcək
Əlindəki öpüş yeri.
Küsüb dayanma qarşımda.
Gizləsən də görünəcək,
Neyləsən də getməyəcək
Əlindəki öpüş yeri.
Rəşad Məcid üçün, bir şair kimi, mövzu qıtlığı yoxdur. Sanki böyük dramaturqumuz Cəfər Cabbarlının dediyi kimi, “mövzu özü onu tapır.” Hamımız üçün adi bir hal olan hadisə Rəşad Məcidin baxışlarında poetik bir mənaya çevirilir, daha doğrusu, min dəfələrlə üzləşdiyimiz bu olaya Rəşad Məcid əsl poetik don geydirir.
Sağ ol” demə, vida etmə,
Zamandısa, vaxtdısa, get.
Getməyinin gərəkliyi
Qalmağından çoxdusa, get.
Bir mən qalım, bir dərd-sərim,
Hədər oldu çəkdiklərim.
Pıçıltıyla dediklərim,
Yaddaşından çıxdısa, get.
Qaysaqlanar yenə yaram,
Sızlamaram, ağlamaram
Səni yoldan saxlamaram –
Soldusa get, sağdısa get.
Bir sözünlə mənalıydı,
Gülüşünlə mənalıydı.
Mənə sənlə mənalıydı
Sənə məna yoxdusa, get.
Rəşad Məcidin sevgi şeirləri bir daha göstərir ki, insan hər bir yaşda, lap 50, 60, 70 yaşda da sevə bilər.
Yaş demişkən, bu ilin avqust ayında Rəşad müəllimin 62 yaşı tamam olacaq. Qoy bu kiçik qeydlərim də, daim qayğı və diqqətini üzərimdə hiss etdiyim sevimli yazıçımıza gənc şair – jurnalistin qələmindən söz hədiyyəsi olsun.
“Səbəbi sənsən” adlı toplu ilə şəxsi kitabxanamda dəyərli kitablardan biri də artdı. Kaş belə kitablar çox olaydı.
İnsanı sevgi yaşadır. Sevgi varsa, həyat var. Siz də yüz yaşayın, Rəşad müəllim!!!
Həyat davam edir. Biz oxucuları isə Rəşad müəllimdən ürəkləri ehtizaza gətirən sevgi dolu şeirlər gözləyirik…

Müəllif: Fuad Biləsuvarlı — AYB və AJB üzvü, Həsən bəy Zərdabi və Prezident mükafatçısı
Mənbə: Odlar.media
