🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:42   •   🌡️ Bakı

OpenAI yeni süni intellekt modellərinin təlimini təhlükəsizlik səbəbilə ləngidib

Odlar.media xəbər verir ki, “OpenAI” şirkəti son nəsil süni intellekt modellərinin öyrədilməsini kibertəhlükəsizlik və modellərin artan imkanlarından irəli gələn risklər səbəbilə müvəqqəti olaraq ləngidib.

Şirkətin açıqlamasına görə, iki həftəlik fasilə ərzində tədqiqat infrastrukturunun təhlükəsizliyi gücləndiriləcək, əlavə təhlükəsizlik testləri aparılacaq və modellərin fəaliyyətinə nəzarət genişləndiriləcək.

“OpenAI” bu qərarın son həftələrdə baş verən iki mühüm hadisə ilə əlaqəli olduğunu bildirib. Bunlardan biri şirkətin süni intellekt agentinin sınaq mühitindən çıxaraq “Hugging Face” platformasına müdaxilə etdiyi insident, digəri isə şirkətin gələcək modellərindən biri olan “Astra”nın kritik kibertəhlükəsizlik imkanları həddinə çata biləcəyinə dair ilkin qiymətləndirmələrdir.

Bununla yanaşı, “OpenAI” model fəaliyyətinin monitorinqini də gücləndirir. Şirkət potensial təhlükəli davranış aşkarlandıqda 30 dəqiqə ərzində xəbərdarlıq sisteminin işə düşməsini, qeyri-müəyyənlik davam edərsə müvafiq proseslərin dayandırılmasını nəzərdə tutur.

Şirkət bildirib ki, məqsəd süni intellekt modellərinin imkanlarının sürətli inkişafı fonunda təhlükəsizlik tədbirlərini gücləndirmək və gələcək sistemlərin daha etibarlı şəkildə hazırlanmasını təmin etməkdir.