🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 07:24   •   🌡️ Bakı

Yer kürəsində maqnit qasırğası başladı – 3 gün davam edə bilər

Odlar.media xəbər verir ki, Yer kürəsinin geomaqnit sahəsində ötən gecə güclü dəyişiklik qeydə alınıb. Səhər saatlarına yaxın aktivlik zəif maqnit qasırğası səviyyəsinə – “G1” kateqoriyasına çatıb.
Məlumata görə, geomaqnit sahəsində dəyişikliklər gecə saat 03:00-dan sonra başlayıb. Saat 06:00-a yaxın isə aktivlik “G1” səviyyəli maqnit qasırğasına yüksəlib.
Qeyd olunur ki, hazırda Günəşdə aktivlik nisbətən aşağıdır. Sonuncu “X” sinifli Günəş alışmasının bir aydan əvvəl baş verdiyi, avqust ayında isə “M” sinifli alışmanın qeydə alınmadığı bildirilir.
Mütəxəssislərin ehtimalına görə, hazırkı geomaqnit pozuntunun əsas səbəbi Günəşdən Yerə doğru hərəkət edən və tac dəliyindən yayılan günəş küləyi axınıdır.
Proqnozlara əsasən, geomaqnit dəyişiklikləri daha 2-3 gün davam edə bilər. Bu gün maqnit qasırğasının davam etmə ehtimalı 46 faiz, çərşənbə günü isə 56 faiz qiymətləndirilir.
Mütəxəssislər bildirirlər ki, tac dəliyinin Günəş-Yer xətti üzərində yerləşməsi onun yaratdığı günəş küləyinin Yer kürəsinin maqnit sahəsinə daha birbaşa təsir göstərməsinə səbəb olur.