🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Xəzər hərbiləşdirilir: Rusiya İrana dəniz yolu ilə silah göndərir

Odlar.media xəbər verir ki, Rusiya ABŞ və İsrailin zərbələrindən sonra İranın zəifləyən hərbi ehtiyatlarının bərpasına yardım məqsədilə ölkəyə partlayıcı maddələr, sursat və pilotsuz uçuş aparatları üçün komponentlər göndərir.
NBC News-un məlumatına görə, bu barədə Avropa hökumətinə məxsus sənəddə qeyd olunub və məlumat Qərb rəsmilərindən biri tərəfindən də təsdiqlənib.
Məlumata əsasən, hərbi təyinatlı yüklər Rusiya limanlarından Xəzər dənizi vasitəsilə İrana daşınır. Sənəddə tədarük olunan məhsullar sırasında trinitrotoluol (TNT) tipli partlayıcı maddələr, müxtəlif növ sursatlar və dron komponentlərinin olduğu bildirilir.
İddialara görə, tədarüklərin əsas məqsədi ABŞ və İsrailin zərbələri nəticəsində zədələnmiş İranın hərbi potensialının bərpasına kömək etməkdir. Xüsusilə İranın “Şahed” tipli pilotsuz uçuş aparatları proqramının ölkənin əsas hərbi imkanlarından biri olduğu vurğulanır.
Hərbi yüklərin daşınması üçün Xəzər dənizi marşrutunun seçilməsi də diqqət çəkir. Rusiya və İran arasında birbaşa dəniz əlaqəsi yaradan bu marşrut Qərb hərbi-dəniz qüvvələrinin müdaxilə imkanlarının məhdud olması baxımından əlverişli hesab edilir. Xəzər dənizinə Rusiya və İrandan başqa Azərbaycan, Qazaxıstan və Türkmənistan da sahildir.
NBC News-un istinad etdiyi sənəddə bildirilir ki, tədarüklər İranın müharibə zamanı itirdiyi və ya zədələnən silah və pilotsuz uçuş aparatı ehtiyatlarının yenidən formalaşdırılmasına hesablanıb.
Məlumata görə, mart ayında İsrail İranın Xəzər sahilində yerləşən Bandar-Ənzəli liman kompleksinə zərbələr endirib. İsrail tərəfi həmin obyektin Rusiyadan İrana silah daşınması üçün istifadə edildiyini iddia edib. Buna baxmayaraq, tədarük marşrutunun sonradan yenidən fəaliyyətə başladığı bildirilir.
Yeni iddialar Rusiya ilə İran arasında son illərdə dərinləşən hərbi əməkdaşlığın daha da genişləndiyini göstərir. Əvvəllər əsas diqqət İrandan Rusiyaya dron və digər hərbi texnologiyaların tədarükünə yönəlirdisə, hazırkı məlumatlar Moskvanın Tehranın hərbi ehtiyatlarının bərpasında daha fəal rol oynadığını göstərir.