🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:55   •   🌡️ Bakı

Tovuzda üç uşaq anası 11 gündür itkindir – sonuncu dəfə ata evində görülüb

Odlar.media xəbər verir ki, Tovuz rayonunda 26 yaşlı üç uşaq anası Lamiyə Cəlilova itkin düşüb.
Məlumata görə, Lamiyə Cəlilova avqustun 6-da saat 10-11 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun sonuncu dəfə Qazıqulu kəndində yerləşən ata evində görüldüyü bildirilir.
Yaxınlarının sözlərinə görə, qadının itkin düşməsindən dərhal sonra polisə məlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Ailə üzvləri bildiriblər ki, Lamiyənin ailəsində müəyyən narazılıqlar olub. Anasının sözlərinə görə, qadın son günlər tez-tez ağlayıb, lakin narahatlığının səbəbini açıqlamayıb. Atası isə qızının həyat yoldaşı ilə müəyyən narazılığının olduğunu, lakin qayınanası və qayınatası ilə probleminin olmadığını deyib.
Lamiyənin mobil telefonu polis əməkdaşları tərəfindən götürülərək araşdırmaya cəlb edilib. Onun hansı istiqamətə getdiyi və hazırda harada olduğu hələlik məlum deyil.
Ailə üzvləri Lamiyə Cəlilova barədə hər hansı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara məlumat vermələrini xahiş edirlər.
Qeyd edək ki, Lamiyənin tapılması istiqamətində Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış tədbirləri davam etdirilir.