Odlar.media xəbər verir ki, 14 avqust 2026-cı il tarixində “Yaşıl Teatr”da müğənni Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti baş tutub.
Gecə ərzində sənətçi repertuarında yer alan və dinləyicilər tərəfindən sevilən mahnılarını səsləndirib. İfaçını Rəvan Qarayevin rəhbərliyi ilə fəaliyyət göstərən “RG Music Band” orkestri müşayiət edib. Konsertin musiqi rəhbəri bəstəkar və aranjimançı Emin Nəbiyev olub.
Konsertin aparıcılığını Əməkdar artist Əkbər Əlizadə həyata keçirib. Layihənin quruluşçu rejissoru Elməddin Dadaşov, art direktoru Ramiz Alışov, prodüseri Rövşən Cəfərov, meneceri Ramiq Şərifov, təşkilatçısı isə Tuqay Vəlizadə olub.
Gecənin diqqətçəkən məqamlarından biri Rəvan Qarayevin ailə üzvləri ilə səhnəni bölüşməsi olub. Sənətçi bacısı Həcər Abdullayeva və atası Elşad Qarayevlə duet ifaları təqdim edib.
Konsert proqramı yalnız musiqi nömrələri ilə məhdudlaşmayıb. Tamaşaçılara xüsusi rəqs kompozisiyaları və səhnəciklər də təqdim olunub. “Azərbaycan” rəqs qrupunun çıxışlarına bədii rəhbər və xoreoqraf Tuncay Hüseynov rəhbərlik edib, art direktor Qiyas Cəfərzadə olub. Konsertin quruluşçu rejissoru Elməddin Dadaşov hər çıxış üçün ayrıca səhnə həlli hazırlayıb.
Gecənin ən duyğusal anlarından biri Rəvan Qarayevin Milli Qəhrəman Hökümə Əliyevaya həsr etdiyi “Hər şey yaxşı olacaq” əsərini ifa etməsi olub. Milli Qəhrəmanın anasının da iştirak etdiyi konsertdə əsərin səsləndirilməsi tamaşaçılar tərəfindən böyük diqqət və kövrək duyğularla qarşılanıb.
Konsert boyunca Rəvan Qarayev tamaşaçılarla səmimi ünsiyyət quraraq auditoriya ilə xüsusi bağ yaradıb. Bir çox mahnının ifası zamanı tamaşaçıların sənətçiyə qoşularaq birlikdə oxuması gecənin yaddaqalan məqamlarından birinə çevrilib.
Beləliklə, Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti zəngin musiqi proqramı, ailəvi duetlər, rəqs nömrələri və duyğusal səhnələri ilə yadda qalıb.


Odlar.media
