🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:31   •   🌡️ Bakı

Millət vəkili Aqil Abbas kitabxanaçıların ixtisarına etiraz etdi: “Belə insanları bir günün içində kənara atmaq olmaz”

Odlar.media xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbas kitabxanaçıların kütləvi şəkildə ixtisar edilməsinə və kitabxanaların bağlanmasına etiraz edib.
Deputat Moderator.az-a açıqlamasında bildirib ki, kitabxanalarda müasir və yeni nəşr olunan bədii ədəbiyyatın olması vacibdir. Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin nəşriyyatlardan yeni çap olunan kitabları alaraq kitabxanalara göndərməsi müsbət addımdır.
Aqil Abbas qeyd edib ki, bununla yanaşı, kitabxanaçıların kütləvi şəkildə ixtisar edilməsi və kitabxanaların bağlanması doğru deyil:
“İşdən çıxarılanların çoxu minimum əmək haqqı ilə uzun illərdir ki, orada işləyirdilər. Belə insanları bir günün içində kənara atmaq təbii ki, ictimaiyyət tərəfindən yaxşı qəbul olunmayacaq”.
Deputat Azərbaycanın güclü dövlət olduğunu və hər bir vətəndaşına sahib çıxmaq imkanında olduğunu vurğulayıb.
Aqil Abbas öz təşəbbüsü ilə Ağcabədi rayonunun Bayat kəndində kitabxana tikdirdiyini də xatırladıb. Bildirib ki, 1988-ci ildə şəxsi vəsaiti hesabına inşa etdirdiyi kitabxananı uzun illər maliyyələşdirib, daha sonra kitabxana dövlət balansına keçirilib.
Onun sözlərinə görə, həmin dövrdə dostlarının köməyi ilə kitabxananın kitab fondu da zənginləşdirilib. Deputat bildirib ki, hazırda dövlət tərəfindən uzun illər fəaliyyət göstərən kitabxanaların bağlanması düzgün yanaşma deyil.
Aqil Abbas məsələnin Milli Məclisdə də müzakirəyə çıxarıldığını bildirib:
“Kitabxanaçıların ixtisarı ilə bağlı Milli Məclisdə çıxış etmişəm. Bildiyim qədəri ilə, Mədəniyyət Nazirliyi hazırda kitabxanalarla bağlı keçirdiyi attestasiya prosesini dayandırıb. Mədəniyyət naziri ilə də dəfələrlə görüşmüşəm və bu barədə olan fikirlərimi ona şəxsən bildirmişəm”.