Odlar.media xəbər verir ki, yeni tədris ilinin başlanmasına sayılı günlər qalmış Azərbaycanda məktəblərdə dərslərin sentyabrın 15-i deyil, sentyabrın 1-də başlaması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Son illərdə sosial şəbəkələrdə və ictimaiyyət arasında geniş müzakirə olunan bu məsələ valideyn və şagirdlərin də diqqətini çəkir. Lakin hazırda tədris ilinin başlanma tarixinin dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib.
Təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, belə bir dəyişiklik nəzərdə tutulsaydı, məsələ əvvəlcədən ictimai müzakirəyə çıxarılaraq müxtəlif tərəflərin fikirləri öyrənilərdi.
Ekspert bildirib ki, dərslərin sentyabrın 15-dən sentyabrın 1-nə keçirilməsi yalnız təqvim tarixinin dəyişdirilməsi ilə məhdudlaşmır. Bunun üçün bütövlükdə tədris prosesinin strukturunda müəyyən dəyişikliklərin aparılması tələb olunur.
Onun fikrincə, hazırkı mərhələdə dərslərin bu il sentyabrın 1-də başlaması real görünmür. Bununla belə, məsələ növbəti illərdə yenidən gündəmə gələ bilər. Bunun üçün Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanmalı, rəsmi müzakirələr aparılmalı və aidiyyəti dövlət qurumunun qərarı, əmri və ya sərəncamı qəbul edilməlidir.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə də sorğu göndərilib.
Qurumdan bildirilib ki, məktəblərin sentyabrın 1-də fəaliyyətə başlayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Agentlik vətəndaşlara bu kimi məlumatlarla bağlı yalnız rəsmi mənbələrə istinad etməyi və yayılan xəbərlərin doğruluğunu həmin mənbələr vasitəsilə yoxlamağı tövsiyə edib.
Beləliklə, hazırda Azərbaycanda yeni tədris ilinin sentyabrın 1-də başlanması ilə bağlı rəsmi qərar yoxdur.
