🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:31   •   🌡️ Bakı

Səmimiyyət sözlə yox, davranışla ölçülür…-Şəmsiyyə Kərimova yazır

 

Bəzi insanlar özlərini çox səmimi dost hesab edirlər. Elə düşünürlər ki, hər şeyi qarşısındakına danışır, heç nəyi gizlətmir, dərdini də, sevincini də bölüşürlər. Amma işin əslinə gələndə görürsən ki, özləri haqqında ən vacib şeyləri belə gizlədir, həqiqəti demir, hətta bəzən açıq-aşkar yalan danışırlar.
Sonra da dönüb qarşısındakını ittiham edirlər: “Niyə bunu mənə demədin?”
Axı səmimiyyət birtərəfli olmur. Özün sirrini qoruyub, qarşı tərəfdən bütün sirlərini açmasını gözləmək ədalətli deyil. Özün hər şeyi gizlədib, başqasının sənə hər şeyi danışmasını tələb etmək səmimiyyət yox, ikili standartdır.
Əsl dostluqda insan qarşısındakını məcbur etmir. Etibar tələb olunmur, qazanılır. Səmimiyyət də sözlərlə sübut edilmir, davranışlarla göstərilir.
Bir də səhv etmək məsələsi var…
Hamımız insanıq və hamımız səhv edə bilərik. Amma insanın böyüklüyü heç vaxt səhv etməməsində deyil, səhv etdiyini qəbul edə bilməsindədir. Səhv etmisənsə, etiraf et. Qarşındakını incitmisənsə, üzr istə. Bunun nəyi alçaldıcıdır?
Əksinə, vaxtında deyilmiş bir “üzr istəyirəm” insanı kiçiltmir, ona hörmət qazandırır. Çünki üzr istəməyi bacaran insan öz səhvi ilə üzləşməkdən qorxmayan insandır. Öz eqosunu həqiqətdən üstün tutmur.
Bəzi insanlar isə üzr istəməyi sanki məğlubiyyət hesab edirlər. Haqsız olduqları halda belə min cür bəhanə tapır, məsuliyyəti başqasının üzərinə atır, amma bircə dəfə “mən səhv etdim” deməyi özlərinə sığışdırmırlar.
Mən belə insanlardan uzaq durmağın daha doğru olduğuna inanıram.
Çünki yalanın olduğu yerdə etibar, qeyri-səmimiyyətin olduğu yerdə yaxınlıq, eqonun olduğu yerdə isə həqiqi dostluq uzunömürlü olmur.
Mənim üçün səmimi insan odur ki, necədirsə, elə də görünür. Nə özünü olduğundan artıq göstərir, nə də qarşısındakından vermədiyi şeyi tələb edir. Səhv edəndə üzr istəyir, yalan danışanda məsuliyyətini dərk edir, kimisə incitdisə bunu boynuna almağı bacarır.
Mən də kiməsə qarşı yanlış hərəkət etdiyimi anlayanda üzr istəməyi özümə borc bilirəm. Çünki üzr istəmək mənim üçün alçalmaq deyil. Əksinə, insanın öz səhvini etiraf edəcək qədər vicdanlı, qarşısındakının qəlbini düşünəcək qədər dəyərbilən olduğunu göstərir.
Həyatda hər kəslə dost olmaq məcburiyyətində deyilik. Amma kimisə dost seçmişiksə, ən azı ona qarşı dürüst olmalıyıq.
Səmimiyyət tələb edən insan əvvəlcə özü səmimi olmalıdır.
Hörmət gözləyən insan əvvəlcə hörmət etməlidir.
Üzr gözləyən insan isə lazım gələndə üzr istəməyi bacarmalıdır.
Çünki həqiqi dostluq “mən sənə hər şeyi deyirəm” deməklə yox, qarşılıqlı dürüstlük, etibar və davranışla qurulur.
Və bəzən insanı həyatından çıxarmaq nifrət etmək deyil — sadəcə qeyri-səmimiyyətə öz həyatında yer verməməkdir. 🙋‍♀️😘

 

Şəmsiyyə Kərimova 

Əməkdar jurnalist

14.08.2026 Bakı

Mənbə: Odlar.media