Odlar.media xəbər verir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirəyə çıxarıla bilər.
Məlumata görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
Qaluzin qeyd edib ki, İrəvanın KTMT-nin fəaliyyətində iştirakdan imtina etməsi və təşkilatın büdcəsi ilə bağlı illik qərarları imzalamaması Ermənistanın öz hüququndan istifadə etməməsi anlamına gəlir. Bununla belə, bu hal ölkəni üzvlük haqqını vaxtında ödəmək öhdəliyindən azad etmir.
Rusiya rəsmisinin sözlərinə görə, KTMT-nin nizamnaməsi beynəlxalq müqavilə statusuna malikdir və təşkilata üzv olan bütün dövlətlər onun müddəalarına əməl etməlidir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın səsvermə hüququnun dayandırılması ilə bağlı qərarın yalnız üzv ölkələrin konsensusu əsasında qəbul edilə biləcəyini bildirib.
