Odlar.media xəbər verir ki, dünyada bir sıra bölgələrdə rekord istilərin müşahidə olunduğu bir vaxtda Antarktidada son 14 ilin ən aşağı temperaturu qeydə alınıb.
Məlumata görə, Antarktidanın dərinliklərində yerləşən Concordia tədqiqat stansiyasında iyulun 18-də temperatur mənfi 84,1 dərəcə Selsiyə qədər enib. Bu göstərici 2012-ci ildən bəri Yer kürəsində qeydə alınan ən aşağı temperatur kimi təqdim olunur.
Meteoroloji müşahidələrə əsasən, rekord soyuq Antarktidanın yüksək dağlıq ərazilərində, qütb gecəsinin hökm sürdüyü dövrdə qeydə alınıb. Regionda günəş işığının olmaması və atmosfer şəraiti temperaturun kəskin şəkildə aşağı düşməsinə şərait yaradır.
Bu göstərici dünyanın digər hissələrində müşahidə olunan anomal istilərlə diqqətçəkən ziddiyyət təşkil edir. Məsələn, 2026-cı ilin iyulunda ABŞ-ın 48 ştatdan ibarət kontinental hissəsində müşahidələr tarixində ən isti ay qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, ayrı-ayrı regionlarda rekord soyuqların baş verməsi qlobal istiləşmə tendensiyasını istisna etmir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2025-ci il tarixdə ən isti üç ildən biri olub.
