🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:58   •   🌡️ Bakı

Azərbaycanda 41 dərəcə isti gözlənilir: FHN-dən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ

Odlar.media xəbər verir ki, hazırda Azərbaycanın əksər ərazilərində, o cümlədən Bakı və Abşeron yarımadasında qızmar hava şəraiti müşahidə olunur. İsti havanın bazar günü də davam edəcəyi və temperaturun bəzi ərazilərdə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.
Belə hava şəraitində, xüsusilə həftəsonları vətəndaşların sərinləmək məqsədilə su hövzələrinə üz tutması artır. Fövqəladə Hallar Nazirliyi (FHN) isə əhalini su hövzələrində təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
FHN-in müraciətində bildirilir ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək təhlükəlidir və qadağandır. Həmçinin çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq yolverilməzdir.
Nazirlik uşaqların çimərlikdə nəzarətsiz buraxılmamasını, xəbərdaredici nişan və lövhələrin tələblərinə, eləcə də xilasedicilərin göstərişlərinə mütləq əməl olunmasını tövsiyə edib.
FHN həmçinin qızmar günəş altında uzun müddət fasiləsiz qalmağın və hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, bazar günü Azərbaycanda havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.