Odlar.media xəbər verir ki, Tərtərdə baş vermiş ər-arvadın qətli ilə bağlı istintaqın gedişində yeni təfərrüatlar məlum olub.
Məlumata görə, hadisə avqustun 6-da səhər saatlarında qeydə alınıb.
İstintaqın ilkin nəticələrinə əsasən, 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev həmyerlisi, 1941-ci il təvəllüdlü Əsgər Səmədovun yaşadığı evə pəncərədən daxil olaraq 17 min 400 manat pul oğurlayıb. Daha sonra cinayətin izlərini gizlətmək və ev sahibini öldürmək məqsədilə özü ilə gətirdiyi benzindən istifadə edərək evi yandırıb.
Bildirilir ki, yanğın zamanı Əsgər Səmədov və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Hüseynova yuxudan oyanıblar. Şübhəli şəxs onların evdən çıxmasının qarşısını almaq üçün qapını bağlayaraq hadisə yerindən uzaqlaşıb.
İstintaq zamanı müəyyən edilib ki, Vüqar Baxşəliyev oğurladığı pulu mərhum atasının il mərasimini keçirmək məqsədilə ələ keçirib.
Məlumata görə, o, əvvəllər Cinayət Məcəlləsinin oğurluq, dələduzluq, rəsmi sənədlərlə bağlı qanunsuz əməllər, rüşvətvermə və digər maddələri üzrə məhkum olunub.
Vüqar Baxşəliyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
