Odlar.media xəbər verir ki, bu ilin ilk yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə ümumi xərclər 60 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.
BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci yarısının yekunlarına dair hesabatına əsasən, ümumi xərclərin 41 milyon ABŞ dolları əməliyyat, 19 milyon ABŞ dolları isə əsaslı xərclərin payına düşüb.
Hesabatda qeyd olunur ki, 2026-cı ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr olub.
Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağından hasil olunan təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə nəqlini təmin edir. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) sistemi vasitəsilə kommersiya qazının Türkiyəyə nəqli 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabrında başlayıb.
Bildirilib ki, 2026-cı il iyulun 1-dən etibarən CQBK-nin ümumi operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçib.
Hazırda Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) səhmdarları bp (29,99 faiz), Cənub Qaz Dəhlizi (21,02 faiz), LUKOIL (19,99 faiz), TPAO (19,00 faiz) və NIKO (10,00 faiz) şirkətləridir.
