Odlar.media xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubuna səfərdə 1:2 hesabı ilə məğlub olan “Sabah” cavab oyununda mərhələni keçə bilər.
Bu barədə Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev danışıb. Onun sözlərinə görə, Bakı təmsilçisi ev meydanında rəqibini üstələmək gücündədir.
“Sabah”ın heyətində keyfiyyətli və səviyyəli futbolçuların yer aldığını vurğulayan mütəxəssis bildirib ki, komandanın ötən mövsüm ölkə çempionu olması və Çempionlar Liqasında iki mərhələ adlaması təsadüfi deyil.
Samir Əliyevin sözlərinə görə, Danimarka təmsilçisi ilk oyundakı qələbə sayəsində psixoloji üstünlüyə malik olsa da, “Sabah”ın xüsusilə yarımmüdafiə və hücum xətti rəqib üçün ciddi təhlükə yaradır. O, Bakıdakı qarşılaşmada yaradılacaq qol imkanlarından maksimum yararlanmağın vacibliyini qeyd edib.
Mütəxəssis “Orhus”un da güclü komanda olduğunu vurğulayaraq bildirib ki, Danimarka çempionu əvvəlki rəqiblər – Uelsin TNS və Finlandiyanın “KuPS” klubları ilə müqayisədə daha yüksək səviyyəyə malikdir. Buna baxmayaraq, onun fikrincə, “Sabah” ilk oyunda layiqli mübarizə aparıb və qol epizodları yaratsa da, son nöqtəni qoymaqda çətinlik çəkib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 11-də saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.
