Odlar.media xəbər verir ki, Bakının Nərimanov rayonunda yerləşən dördmərtəbəli mansard tipli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə barədə məlumat “112” qaynar telefon xəttinə daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Nadir Əliyev küçəsi 5 ünvanında yerləşən binanın ikinci mərtəbəsindəki ofisdə baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb. Hadisə zamanı binada köməksiz vəziyyətdə qalan bir nəfər vətəndaş xilas edilib.
Yanğın nəticəsində ümumi sahəsi 90 kvadratmetr olan beşotaqlı ofisin bir otağı 30 kvadratmetr sahədə və otaqdakı əşyalar yanıb. Ofisin digər otaqları, eləcə də binadakı digər obyektlər yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
