Odlar.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirəcək.
DİM-in məlumatına görə, imtahan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələrinə qəbul üçün təşkil olunacaq.
Qeydiyyatdan keçmiş namizədlər DİM-in rəsmi internet səhifəsinə daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı barədə məlumatlar əks olunub.
Namizədlərə imtahanda iştirak qaydaları ilə bağlı “Yaddaş kitabçası” ilə əvvəlcədən tanış olmaları tövsiyə edilir.
Məlumata əsasən, imtahanda iştirak etmək üçün ümumilikdə 1350 namizəd qeydiyyatdan keçib. Onlardan 121 nəfər direktor və direktor müavini, 1229 nəfər isə müəllim vəzifəsinə qəbul üzrə imtahan verəcək.
