Odlar.media xəbər verir ki, son günlər Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı yayılan iddialara Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə münasibət bildirib.
Deputat açıqlamasında deyib ki, hazırda Milli Məclisin deputatları məzuniyyətdədir və parlamentin fəaliyyəti sentyabr ayında bərpa olunacaq.
“Pensiya yaşının artırılması ilə bağlı hər hansı layihənin Milli Məclisə daxil olması barədə məlumatım yoxdur. Ümumiyyətlə, inanmıram ki, belə bir layihə parlamentə təqdim edilsin. Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı artıq 65 yaş olaraq müəyyən edilib”, – deyə Arzuxan Əlizadə bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə qadınlar üçün pensiya yaşının 68, kişilər üçün isə 70 yaşa qaldırılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Deputat qeyd edib ki, bu cür iddialar əsassızdır və daha çox ictimai müzakirələr yaratmağa xidmət edir. Onun sözlərinə görə, hazırda pensiya yaşının artırılması ilə bağlı hər hansı rəsmi təşəbbüs və ya qanun layihəsi mövcud deyil.
