🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 09:16   •   🌡️ Bakı

Hərbi Dəniz Qüvvələrində partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursunun məzunları təltif olunub

Odlar.media xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) N saylı hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən HDQ komandanının birinci müavini – qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov kursun əhəmiyyətindən danışaraq onun hərbi qulluqçuların peşə hazırlığının artırılmasında mühüm rol oynadığını vurğulayıb. O, kursu uğurla başa vuran iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Çıxışlar zamanı partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün yaratdığı təhlükələrdən bəhs olunub. İştirakçılara naməlum və təhlükəli əşyalara toxunmamaq, belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyəti üzrə zərərsizləşdirmə qruplarına məlumat verməyin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda kursu müvəffəqiyyətlə başa vuran məzunlara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.