🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:58   •   🌡️ Bakı

Azərbaycan Bosniya və Herseqovina və Sinqapur vətəndaşları üçün viza rejimini müvəqqəti ləğv edib

Odlar.media xəbər verir ki, vətəndaşların səyahət imkanlarının genişləndirilməsi, ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovina ilə Sinqapur Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün Azərbaycana turizm məqsədli səfərlərdə viza tələbi müvəqqəti ləğv olunub.
Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, yeni qaydalar 2026-cı il avqustun 1-dən 2027-ci il avqustun 1-dək qüvvədə olacaq.
Qərara əsasən, qeyd olunan ölkələrin vətəndaşları bu müddət ərzində Azərbaycana üç dəfə vizasız səfər edə və hər səfər zamanı ölkədə 30 günədək qala biləcəklər.
Bildirilib ki, Azərbaycana turizm məqsədindən fərqli səbəblərlə gəlmək və ya ölkədə daha uzun müddət qalmaq istəyən Bosniya və Herseqovina və Sinqapur vətəndaşları qüvvədə olan qanunvericiliyə uyğun şəkildə müvafiq viza aldıqdan sonra ölkəyə daxil ola bilərlər.
Dövlət Miqrasiya Xidməti bir daha xatırladıb ki, Azərbaycanda 15 gündən artıq müvəqqəti qalan əcnəbilər Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.
Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda, əcnəbilər ölkədə müvəqqəti olma müddəti başa çatmamış həmin müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” pəncərəsinə şəxsən müraciət edə və ya Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsi vasitəsilə elektron qaydada müraciət göndərə bilərlər.