🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:58   •   🌡️ Bakı

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

 

Odlar.media xəbər verir ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Xalq şairi, görkəmli dramaturq və ictimai xadim Nəriman Həsənzadə vəfat edib.

Bu barədə Odlar.media-nın müxbirinə şairin qızı Xatirə Nərimanqızı məlumat verib.

Oxucularımıza xatırladaq ki, Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. O, 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Daha sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, həmin ali təhsil müəssisəsinin Ali Ədəbiyyat Kurslarında da təhsilini davam etdirib.
Əmək fəaliyyətinə mətbuat sahəsində başlayan Nəriman Həsənzadə müxtəlif illərdə “Azərbaycan gəncləri” qəzeti, “Azərbaycan” jurnalı və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində məsul vəzifələrdə çalışıb. 1976–1990-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub. Eyni zamanda SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib, 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1991–2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışıb. 2004-cü ildən Azərbaycan Ədəbiyyat Fondu İdarə Heyətinin sədri olub, uzun illər Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.
Gənc yaşlarından poeziyaya gələn Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatına onlarla dəyərli şeir, poema, mənzum dram və publisistik əsər bəxş edib. Onun “Könlüm şeir istəyir”, “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi”, “Bir az möhlət istəyirəm ömürdən”, “Fikir eləmə”, “Taleyin töhfəsi”, “Nuru paşa”, “Gəlimli-gedimli dünya” və digər kitabları müəllifin yaradıcılığının ən yaddaqalan nümunələri hesab olunur. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək geniş oxucu auditoriyasına çatdırılıb.
Şairin əsərləri əsasında hazırlanan “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Nabat xalanın çörəyi” və digər tamaşalar Azərbaycan teatr sənətinin uğurlu səhnə əsərləri sırasında yer alıb.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinə görə Nəriman Həsənzadə “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarına, “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, eləcə də Heydər Əliyev Mükafatına layiq görülüb. O, 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Xalq şairi Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbi-mədəni mühiti üçün ağır itkidir.

Odlar.media kollektivi mərhumun ailəsinə, yaxınlarına və Azərbaycan ədəbi ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!

 

Mənbə: Odlar.media