Odlar.media xəbər verir ki, Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi təşkil olunub.
Azərbaycan və Qırğızıstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi rəsmi şəkildə qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib, daha sonra Azərbaycan və Qırğızıstanın dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb, ardından hər iki ölkənin lideri qarovul dəstəsinin önündən keçiblər.
Mərasim çərçivəsində Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim olunub.
Sonda fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib və dövlət başçıları rəsmi foto çəkdiriblər.
