🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 09:15   •   🌡️ Bakı

Attestasiyadan keçən kitabxana əməkdaşlarının maaşı artırılacaq

Odlar.media xəbər verir ki, kitabxana sistemində aparılan optimallaşdırma prosesindən sonra attestasiyadan uğurla keçən əməkdaşların əməkhaqlarının artırılması planlaşdırılır.
Bu barədə Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, kitabxana sistemində həyata keçirilən dəyişikliklərin əsas məqsədi kitabxanaların müasir tələblərə uyğun fəaliyyət göstərməsini təmin etmək, kitabların əlçatanlığını artırmaq, beynəlxalq standartlara uyğun xidmətlərin təşkili və kitabxana fondlarının zənginləşdirilməsidir.
Şöbə müdiri bildirib ki, optimallaşdırma prosesi çərçivəsində peşəkar kitabxana əməkdaşlarının hazırlanmasına da xüsusi önəm veriləcək.
“Kitabxana əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə attestasiyadan uğurla keçmiş əməkdaşların ixtisasartırma kurslarına cəlb olunması, eləcə də optimallaşdırma prosesi başa çatdıqdan sonra onların əməkhaqlarının artırılması istiqamətində Mədəniyyət Nazirliyinin müəyyən planları mövcuddur. Proses yekunlaşdıqdan sonra həmin planların icrası nəzərdə tutulur”, – deyə V.Qurbanzadə qeyd edib.
O əlavə edib ki, hazırda kitabxana sistemində çalışan digər əməkdaşların attestasiyadan keçirilməsi ilə bağlı hələlik yekun qərar qəbul edilməyib. Bildirilib ki, bu mərhələdə yalnız informasiya texnologiyaları sahəsində çalışan təxminən 1100 əməkdaş attestasiyaya cəlb olunub.