Odlar.media xəbər verir ki, 2026-cı il üzrə ali məktəblərə qəbul imtahanları başa çatdıqdan sonra universitetlərin qəbul planını tam doldurub-doldurmayacağı ilə bağlı müzakirələr davam edir.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Məzahir Məmmədov bildirib ki, builki qəbul kampaniyasında ali təhsil müəssisələrinin plan yerlərini doldurmaqda ciddi problem yaşanmayacaq.
Onun sözlərinə görə, Azərbaycanda ali məktəblərə qəbul sistemi abituriyentlərin arzu etdikləri peşədən daha çox Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi ixtisas qrupları və toplanan bala əsaslanır.
Ekspert qeyd edib ki, bu yanaşma bəzi hallarda əmək bazarında uyğunsuzluqlar yaradır. Belə ki, hüquqşünas olmaq istəyən şəxs tarix müəllimi, həkim olmaq istəyən biologiya müəllimi, tərcüməçi olmaq istəyən isə ingilis dili müəllimi ixtisasını seçmək məcburiyyətində qala bilir.
Məzahir Məmmədov əlavə edib ki, bu il müəllimlik ixtisasları üzrə plan yerlərinin müəyyən qədər azaldılması həmin istiqamətdə keçid ballarının yüksəlməsinə səbəb ola bilər.
Onun fikrincə, 500–600 bal aralığında nəticə göstərən və prestijli ixtisaslara iddialı olan abituriyentlər üçün ciddi dəyişiklik gözlənilmir. Lakin aşağı bal toplayanların ixtisas seçimində daha çox çətinlik yaşayacağı ehtimal olunur.
Ekspert vurğulayıb ki, xüsusilə 150–200 bal aralığında nəticə göstərən abituriyentlərin seçim imkanları daha məhdud olacaq. O, həmçinin bildirib ki, builki buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha çətin keçməsi ümumi nəticələrə təsir göstərib.
Universitetlərdə plan yerlərinin boş qalacağı ilə bağlı iddialara münasibət bildirən Məzahir Məmmədov hesab edir ki, bu il belə bir vəziyyət yaranmayacaq.
Onun sözlərinə görə, hətta 150 bal toplayan abituriyentlər arasında da kifayət qədər rəqabət mövcuddur və buna görə ali təhsil müəssisələrinin qəbul planını tam dolduracağı gözlənilir.
