🌐 Keçmişin izi, gələcəyin sözü
24 İyul 2026, saat 02:37   •   🌡️ Bakı

Anar Rzayev Xalq artisti Tofiq Mirzəyevin vəfatından danışdı: “Uzun zamandır xəstə idi”

Odlar.media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyevin vəfatı ilə bağlı fikirlərini bölüşüb.
Anar Rzayev bildirib ki, mərhum aktyorla sonuncu dəfə Novruz bayramı ərəfəsində danışıb:
“Tofiq Mirzəyevlə sonuncu dəfə Novruz bayramı ərəfəsində danışmışdım. Ara-sıra hal-əhval tutur, zəngləşirdik. Ötən illərdən, çəkildiyi filmlərdən danışanda deyirdi ki, heyif o illər keçib getdi. Tofiqlə bacanaq olmuşuq, vəfatı məni kədərləndirdi, onunla bağlı yazı yazacağam”.
AYB sədri qeyd edib ki, həyat yoldaşının vəfatından sonra Tofiq Mirzəyev daimi yaşamaq üçün İsrailə köçüb:
“Həyat yoldaşının ölümündən sonra Tofiq həmişəlik Bakını tərk edib İsrailə köçdü. Oğlu da onun yanında idi. Uzun zamandır xəstə idi, amma bu barədə danışmağı xoşlamazdı”.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev ötən gecə İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.
Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. O, 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülüb. 2022-ci il iyunun 14-də isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb.
Sənətçi Azərbaycan kinosunun yaddaqalan simalarından biri olub. O, “Nəsimi”, “Üzeyir ömrü”, “O qızı tapın”, “Onun bəlalı sevgisi”, “Uşaqlığın son gecəsi” və “İstintaq” kimi məşhur filmlərdə yaratdığı obrazlarla tamaşaçıların yaddaşında iz qoyub.