Odlar.media xəbər verir ki, İsrail mətbuatında Türkiyənin artan hərbi gücü və regiondakı nüfuzunun Təl-Əviv üçün yarada biləcəyi risklər geniş müzakirə olunub.
İsrailin “Israel Hayom” və “ICE” nəşrlərində dərc edilən təhlillərdə ölkə rəhbərliyinə Türkiyənin bölgədə artan təsirinə qarşı hazırlıqlı olmaq çağırışı edilib.
Yazılarda qeyd olunub ki, Türkiyə Yaxın Şərq və Şərqi Aralıq dənizi regionunda siyasi və hərbi təsirini genişləndirir, regional proseslərdə daha fəal rol oynayır və müdafiə sənayesini gücləndirir.
İsrailli ekspert Kobi Mişel bildirib ki, Türkiyənin məqsədi İsraillə birbaşa hərbi qarşıdurmaya girmək deyil. Onun iddiasına görə, Ankara daha çox İsraili regional müstəvidə təcrid etmək və təsir imkanlarını zəiflətmək strategiyasını izləyir.
Ekspertin sözlərinə əsasən, Türkiyə Livan və Suriya başda olmaqla Yaxın Şərqdəki münaqişə ocaqlarında mühüm aktora çevrilib, eyni zamanda Misir və Pakistanla əlaqələrini də gücləndirib.
Təhlillərdə həmçinin vurğulanıb ki, Türkiyənin bölgədə artan təsiri gələcəkdə Şərqi Aralıq dənizində geosiyasi balansın dəyişməsinə və İsrailin dəniz kommunikasiyalarına əlavə təzyiqlərin yaranmasına səbəb ola bilər.
