Odlar.media xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri bu gün Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin razılaşdırılması üçün növbəti müzakirələr aparacaqlar.
“POLITICO” nəşrinin məlumatına görə, Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın hakimiyyətdən getməsinə baxmayaraq, Aİ daxilində sanksiyalarla bağlı fikir ayrılıqları aradan qalxmayıb. Bildirilir ki, Orbanın yerinə Peter Macyarın hakimiyyətə gəlməsindən və Budapeştin artıq sanksiyalara mane olmamasından sonra bəzi üzv dövlətlər Rusiyaya qarşı daha sərt məhdudiyyətlərə açıq etiraz etməyə başlayıblar.
Məlumata əsasən, Avropa Komissiyasının iyun ayında təqdim etdiyi 21-ci sanksiyalar paketi üzrə müzakirələr zamanı enerji, balıq emalı, bank və gəmiçilik sektorlarını əhatə edən bir sıra tədbirlər ya zəiflədilib, ya da layihədən çıxarılıb.
Yunanıstan Rusiyanın mayeləşdirilmiş təbii qazının Aİ şirkətləri vasitəsilə üçüncü ölkələrə daşınmasına qadağa qoyulmasına etiraz edib. Avstriya isə Rusiyadakı Raiffeisen Bank aktivləri ilə bağlı məsələnin nəzərə alınmasını istəyib. Eyni zamanda, bəzi ölkələrin etirazından sonra Rusiyadan balıq idxalının mərhələli dayandırılması təklifi də sanksiyalar paketindən çıxarılıb.
Bundan əlavə, Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin sanksiya siyahısına daxil edilməsi və keçmiş Rusiya hərbçilərinə viza məhdudiyyətlərinin tətbiqi ilə bağlı müddəalar da üzv dövlətlərin etirazı nəticəsində yumşaldılıb və ya yekun mətndən çıxarılıb.
Bununla belə, paket qəbul edilərsə, onlarla Rusiya bankının SWIFT sistemindən ayrılması və 250-dən çox fiziki şəxsə Avropa İttifaqına giriş qadağasının tətbiqi nəzərdə tutulur.
Nəşr vurğulayır ki, Viktor Orbanın hakimiyyətdən getməsinin Rusiyaya qarşı iqtisadi təzyiqlərin əhəmiyyətli dərəcədə sərtləşəcəyinə dair gözləntilər özünü doğrultmayıb. Aİ diplomatlarından birinin sözlərinə görə, Orban çətin tərəf olsa da, indiyədək bütöv sanksiya paketlərini bloklamayıb.
