Odlar.media xəbər verir ki, Ermənistan İstintaq Komitəsi ölkənin sabiq prezidenti Serj Sarkisyan barəsində tarixi-mədəni abidənin satışı ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdırıb.
Ermənistan KİV-inin məlumatına görə, söhbət Gümrü şəhərində yerləşən respublika əhəmiyyətli tarixi-mədəniyyət abidəsi olan “Qara qala” (Sev Berd) ilə bağlıdır.
İstintaqın açıqlamasına əsasən, Serj Sarkisyan 2005-ci il mayın 11-də müdafiə naziri vəzifəsində işlədiyi dövrdə hökumətin müvafiq qərarı olmadan qalanı və onun istifadəsi üçün ayrılmış torpaq sahəsini birbaşa fiziki şəxsə satıb.
Məlumata görə, ümumi sahəsi 626,45 kvadratmetr olan tarixi tikili və 0,7 hektar torpaq sahəsi təxminən 22,95 milyon dram qarşılığında satılıb.
İstintaq hesab edir ki, bu əməliyyat nəticəsində dövlət respublika əhəmiyyətli tarixi-mədəniyyət abidəsi üzərində mülkiyyət hüququnu itirib.
Sabiq prezidentə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Ermənistan Prokurorluğuna göndərilib.
