🌐 Keçmişin izi, gələcəyin sözü
21 İyul 2026, saat 11:02   •   🌡️ Bakı

ABŞ konqresmeni: Tramp İrana qarşı hərbi əməliyyatları yenidən başlada bilər

Odlar.media xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol Donald Tramp administrasiyasının İrana qarşı hərbi kampaniyanı yenidən bərpa edə biləcəyini iddia edib.

Konqresmen bu barədə “Fox News Sunday” proqramında danışıb. Onun sözlərinə görə, Vaşinqtonun əsas hədəfi İranın hərbi imkanlarını, xüsusilə də regionda təhlükə yaratdığı iddia edilən infrastrukturu zəiflətmək ola bilər.

“İndi biz “A” planına qayıdacağıq. Hərbçilər işə başlayacaq, onların buraxılış meydançalarını məhv edəcək və “Şahed” dronlarını buraxmaq, eləcə də tankerlərə hücum etmək imkanlarını əllərindən alacaqlar”, – deyə Makkol bildirib.

Konqresmen əlavə edib ki, ABŞ üçün hazırda əsas prioritetlərdən biri İranın Hörmüz boğazına nəzarət imkanlarını məhdudlaşdırmaqdır. Onun fikrincə, bu, qlobal enerji daşımalarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, bundan əvvəl “The Washington Post” qəzeti mənbələrə istinadən ABŞ-ın İranla bağlı mümkün addımları və regiondakı vəziyyətlə əlaqədar müzakirələrin davam etdiyini yazmışdı. Lakin rəsmi Vaşinqton tərəfindən İrana qarşı yeni hərbi əməliyyatların başlanacağı ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verilməyib.