🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 00:10   •   🌡️ Bakı

Naxçıvanda icbari tibbi sığorta sahəsində yeni agentlik yaradılır

Odlar.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni publik hüquqi şəxs yaradılacaq.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunur.
Eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi adlı yeni publik hüquqi şəxs yaradılacaq.
Yeni agentlik Naxçıvanda icbari tibbi sığortanın tətbiqini, xidmətlər zərfi üzrə tibbi xidmətlərin maliyyələşdirilməsini, icbari tibbi sığorta fondunun idarə olunmasını, tibbi xidmətlərin mərkəzləşdirilmiş qaydada satın alınmasını və ödənişlərin həyata keçirilməsini təmin edəcək. Qurum, həmçinin əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahəsində də fəaliyyət göstərəcək.
Qərara əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibbi vasitələrlə təmin olunmasına dair hüquq və öhdəlikləri Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə verilir.
Bununla yanaşı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı səlahiyyətləri və tabeliyindəki reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinin balansına keçiriləcək.
Yeni yaradılacaq agentliyə sədr və iki müavindən ibarət İdarə Heyəti rəhbərlik edəcək. Qurumun fəaliyyəti Naxçıvan Muxtar Respublikasının büdcəsi, icbari tibbi sığorta fondunun vəsaiti, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.
Qərarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni qurumun dövlət qeydiyyatının aparılması, əmlakın təhvil-təslimi, normativ hüquqi sənədlərin hazırlanması və digər təşkilati məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qərar Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev tərəfindən imzalanıb və imzalandığı gündən qüvvəyə minib.