Odlar.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının yeni dizayn edilmiş və ən son mühafizə elementləri ilə təchiz olunmuş 100 manatlıq əskinası bu gündən dövriyyəyə buraxılıb. Bəs əskinasların müəyyən müddətdən bir yenilənməsinin əsas səbəbi nədir?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, bu dəyişikliklər texniki xarakter daşıyır və iqtisadiyyata hər hansı ciddi təsir göstərməsi gözlənilmir.
Onun sözlərinə görə, əskinasların vaxtaşırı yenilənməsi beynəlxalq praktikada geniş tətbiq olunan adi prosesdir.
“Vətəndaşlar üçün hər hansı mənfi təsir gözlənilmir. Köhnə əskinaslar da dövriyyədə qalacaq və əvvəlki qaydada istifadə olunacaq. Yeni əskinaslar isə onlarla paralel şəkildə dövriyyədə olacaq. Bu dəyişikliklərin iqtisadiyyata xüsusi təsiri yoxdur”, – deyə iqtisadçı qeyd edib.
Xalid Kərimli vurğulayıb ki, texnologiyanın inkişafı ilə əlaqədar olaraq mərkəzi banklar pul nişanlarına mütəmadi olaraq yeni mühafizə elementləri və təhlükəsizlik nişanları əlavə edirlər. Bu isə saxtalaşdırma riskinin azaldılması və əskinasların müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.
Qeyd edək ki, əskinasların yenilənməsi dünyanın bir çox ölkəsində tətbiq olunan standart praktikadır. Bu proses pul nişanlarının təhlükəsizliyinin artırılması, müasir texnologiyalara uyğunlaşdırılması və saxtalaşdırma hallarının qarşısının alınmasına xidmət edir.
