Odlar.media xəbər verir ki, Qubada 2003-cü il təvəllüdlü hamilə Səbinə Əmrahovanın antibiotik iynəsi vurulduqdan sonra səhhətinin qəfil pisləşərək həyatını itirməsi ilə bağlı müzakirələr davam edir.
Məsələyə münasibət bildirən həkim-professor Adil Qeybulla qeyd edib ki, antibiotiklər və digər bəzi dərman preparatları güclü allergik reaksiyalara, o cümlədən anafilaktik şoka səbəb ola bilər.
Professorun sözlərinə görə, əvvəllər anafilaktik şok yaradan maddələr sırasında penisillin ayrıca qeyd olunurdu. O bildirib ki, anafilaktik şokun qarşısını tam şəkildə almaq mümkün deyil və bu məqsədlə aparılan allergik sınaqlar da etibarlı hesab edilmir. Çünki həmin sınaqların özü də ağır allergik reaksiyaya səbəb ola bilər.
Adil Qeybulla vurğulayıb ki, həkim üçün ən vacib məqamlardan biri xəstənin tibbi tarixçəsini dəqiq öyrənməkdir. Onun sözlərinə görə, xəstənin əvvəllər antibiotik qəbul edib-etməməsi, hər hansı dərmana və ya qidaya qarşı allergiyasının olub-olmaması əvvəlcədən müəyyənləşdirilməlidir. Bu məlumatlar mümkün ağır reaksiyaların qarşısının alınmasına kömək edə bilər.
Həkim əlavə edib ki, allergiya riski olan şəxslərdə həssaslığı azaltmaq məqsədilə desensibilizasiya tədbirləri görülə bilər. Bu zaman “Suprastin”, “Dimedrol” və digər preparatlardan istifadə olunur.
Professorun sözlərinə görə, tibb müəssisələrində anafilaktik şok zamanı təxirəsalınmaz yardım göstərmək üçün “Prednizolon”, “Deksametazon” və digər zəruri dərman vasitələri mütləq hazır vəziyyətdə saxlanılmalıdır.
Adil Qeybulla hamiləlik dövründə antibiotik istifadəsinin mümkün olduğunu da bildirib. O qeyd edib ki, antibiotikin təyin edilməsi xəstənin infeksiyası və ümumi sağlamlıq vəziyyəti nəzərə alınmaqla həyata keçirilməlidir.
“Hamilə qadın xəstələnərsə, ilk növbədə ananın sağlamlığı nəzərə alınmalıdır. Bu, tibbdə əsas prinsiplərdən biridir”, – deyə professor vurğulayıb.
