🌐 Keçmişin izi, gələcəyin sözü
15 İyul 2026, saat 16:54   •   🌡️ Bakı

XİN-dən Azərbaycan vətəndaşlarına mühüm xəbərdarlıq: Münaqişə bölgələrinə səfər etməyin

Odlar.media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyətini davam etdirməsi ilə bağlı növbəti dəfə ciddi xəbərdarlıq edib.
XİN-in yaydığı bəyanatda qeyd olunub ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə zonalarında və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, eləcə də onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf doğuracaq şəkildə davam edir.
Bildirilib ki, xüsusilə Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raketlər və digər silahlardan istifadə olunması səbəbindən regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklərin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.
Xarici İşlər Nazirliyi bu çərçivədə Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan, eləcə də bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırıb.
Bəyanatda həmçinin vətəndaşlara rəsmi xəbərdarlıqlara ciddi şəkildə əməl etmələri, zərurət yarandıqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlamaları tövsiyə olunub.