🌐 Keçmişin izi, gələcəyin sözü
13 İyul 2026, saat 18:22   •   🌡️ Bakı

Nahidə Orucovanın 65 illik yubileyi səhnədə qeyd olundu

Odlar.media xəbər verir ki, iyulun 11-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının növbəti nümayişi Əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucovanın 65 illik yubileyinə həsr olunub.
Tamaşadan sonra Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verərək onu teatrın rəhbərliyi və kollektivi adından təbrik edib. O, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin “Fəxri fərman”ını Nahidə Orucovaya təqdim edib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal da aktrisanı yubileyi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb və “Teatr fədaisi” medalını təqdim edib.
Qeyd edək ki, Nahidə Orucova “Arşın mal alan” operettasında Cahan xala obrazını canlandırıb. Tamaşada həmçinin Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar Emin Zeynallı, Mehriban Zaliyeva, Ülviyyə Əliyeva, Ruslan Mürsəlov, eləcə də teatrın xor və balet kollektivi çıxış ediblər.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti isə Sevinc Məmmədovadır.