🌐 Keçmişin izi, gələcəyin sözü
13 İyul 2026, saat 15:50   •   🌡️ Bakı

Yeni sandal faciəyə çevrildi: Ayağındakı suluq onu xəstəxanalıq etdi

Odlar.media xəbər verir ki, Uels sakini Hannah yeni aldığı sandalları corabsız geyindikdən sonra ayağında yaranan suluğa əhəmiyyət verməyib. Lakin bir neçə gün sonra vəziyyəti kəskin pisləşərək xəstəxanaya yerləşdirilib.
Qadının sözlərinə görə, əvvəlcə ayağında ağrılı suluqlar yaranıb. Ardınca ayaqları şiddətli şəkildə şişib, hərarəti yüksəlib və gecə saatlarında huşunu itirib.
Müayinələr zamanı həkimlər ona bakterial dəri infeksiyası diaqnozu qoyublar. Bildirilib ki, vaxtında müalicə aparılmasaydı, infeksiya daha ağır fəsadlara səbəb ola bilərdi. Hannah antibiotik müalicəsi aldıqdan sonra evə buraxılsa da, hələ də ağrılarının davam etdiyini deyib.
Qadın hesab edir ki, infeksiyaya səbəb yeni sandalların mağazada başqa alıcılar tərəfindən corabsız geyinilərək yoxlanılması olub. O, bundan sonra bütün yeni ayaqqabılarını ilk istifadədən əvvəl təmizləyəcəyini bildirib və insanlara ayaqqabı sınayarkən və ya geyinərkən corabdan istifadə etməyi tövsiyə edib.