Odlar.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci cəhdini təşkil edəcək.
Eyni zamanda, III ixtisas qrupu üzrə həm DT, həm də TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənni üzrə ikinci cəhd imtahanı da keçiriləcək.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhər və rayonlarında təşkil olunacaq.
DİM-in məlumatına görə, imtahan saat 10:00-da başlayacaq. Buraxılış rejimi isə 09:45-də başa çatacaq. Bu vaxtdan sonra imtahan binasına gələn iştirakçılar içəri buraxılmayacaqlar.
