🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 11:31   •   🌡️ Bakı

Cənub bölgəsinin tanınmış simalarını yaşadan dəyərli nəşr – “Doğma elin simaları” kitabının ilk cildi çapdan çıxıb

Odlar.media xəbər verir ki, Cənub bölgəsinin tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətindən bəhs edən, uzun illərin zəhməti və geniş araşdırmaların nəticəsi olan “Doğma elin simaları” kitabının birinci cildi nəşr olunub.
Kitabın müəllifi cenubunsesi.az xəbər portalının təsisçisi və baş redaktoru, tanınmış jurnalist Mərhəmət Lələyevdir.
Mərhəmət Lələyev uzun illərdir Azərbaycanın cənub bölgəsində yaşayan, müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən insanların həyat yolunun araşdırılması və onların cəmiyyət qarşısındakı xidmətlərinin geniş ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. O, 2016-cı ildə təsis etdiyi “Masallının Səsi” informasiya resursunda, daha sonra isə fəaliyyətini genişləndirərək Cənubunsəsi Xəbər Portalı vasitəsilə minlərlə insan haqqında məqalə, reportaj və müsahibələr yayımlayıb. Eyni zamanda, bölgənin tanınmış simalarına həsr olunmuş çoxsaylı sənədli filmlərin müəllifi və layihə rəhbəri kimi də tanınır.
“Doğma elin simaları” kitabı müəllifin illər ərzində topladığı zəngin materiallar, apardığı araşdırmalar və yüzlərlə görüş əsasında ərsəyə gəlib. Layihənin əsas məqsədi cənub bölgəsinin ictimai-siyasi, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman və digər sahələrdə mühüm xidmətləri ilə seçilən insanların həyat və fəaliyyətini sənədləşdirmək, onların zəngin irsini gələcək nəsillərə çatdırmaq, həmçinin bölgənin tarixi-mənəvi yaddaşının qorunmasına töhfə verməkdir.
Üç cilddən ibarət olması nəzərdə tutulan nəşrdə ümumilikdə 3000-dən çox cənub bölgəsi sakini haqqında məlumatın yer alması planlaşdırılır. Artıq çapdan çıxan birinci cilddə Lənkəran, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Astara və Cəlilabad rayonlarını təmsil edən 361 nəfərin bioqrafiyası, həyat yolu, peşə fəaliyyəti və cəmiyyət qarşısındakı xidmətləri barədə ətraflı məlumat təqdim olunub.
Nəşr yalnız bioqrafik toplu olmaqla kifayətlənmir, həm də cənub bölgəsinin tarixi salnaməsini özündə əks etdirən qiymətli elmi-publisistik mənbə kimi diqqət çəkir. Kitab görkəmli şəxsiyyətlərin tanıdılması, onların xidmətlərinin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Doğma elin simaları” kitabının işıq üzü görməsi cənub bölgəsinin tarixi yaddaşının qorunmasına, tanınmış şəxsiyyətlərin irsinin təbliğinə və gələcək tədqiqatçılar üçün etibarlı mənbənin formalaşdırılmasına mühüm töhfə kimi qiymətləndirilir.