🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:16   •   🌡️ Bakı

“Ulduz” jurnalının iyun nömrəsi çapdan çıxıb – yeni sayda zəngin ədəbi nümunələr təqdim olunub

 

Odlar.media xəbər verir ki, “Ulduz” jurnalının iyun nömrəsi işıq üzü görüb. Ədəbiyyatsevərlərə zəngin məzmun təqdim edən yeni say İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri” ilə açılır.
Jurnalın müxtəlif rubrikalarında oxuculara maraqlı araşdırmalar, nəsr və poeziya nümunələri təqdim edilib. “Sənət” rubrikasında Təranə Vahidin “Günahsız Abdulla, 62 dəqiqəlik şedevr və 42 il” adlı məqaləsi bir tamaşanın tarixini və sənət dəyərini araşdırır.
“Nəsr” bölməsində Məmməd Məmmədlinin “Yer”, Furqanın “Taktika” və “Protez dişlər”, Mübariz Cəfərlinin “Başsızlar”, Əlisəfdər Hüseynovun “F= – F”, eləcə də Mətanət Ulu Şirvanlının “Nənəmin qəbri” hekayələri dərc olunub.
“Şeir vaxtı” rubrikasında Ceyhun Ötkəm, Günay Ümid, İradə Aytel və Cavid Qasımovun şeirləri yer alıb. “Esse” bölməsində Seyran Səxavətin “Sözün belindən gələn adam” yazısı, “Tribuna” rubrikasında isə Mobil Aslanlı Huntürkün “H.B.Zərdabinin yaradıcılığında sağlam yaşam tərzi problemi” adlı elmi-publisistik araşdırması oxuculara təqdim edilir.
Jurnalın bu sayında gənc qələm sahiblərinə də xüsusi diqqət ayrılıb. “Debüt” rubrikasının qonağı “Yeddi məktub, bir həqiqət” hekayəsi ilə 13 yaşlı müəllif Zəminə Məmmədova olub. “1+1” rubrikasında isə Fəridə Abdullayeva, İlkin Əhmədoğlu və Əminə Həbibin yaradıcılığına yer verilib.
Bundan başqa, Elşad Barat, Nargilə Yusifqızı, Sübhan Vüqaroğlu, Fuad Biləsuvarlı və qürbətdə yaşayan Akif Azalpın gənclik illərində qələmə aldıqları şeirlər də jurnalın iyun nömrəsində oxucuların ixtiyarına verilib.
“Dərgidə kitab” layihəsinin budəfəki qonağı isə “Sözümün canı” əsəri ilə tanınan tənqidçi Əsəd Cahangirdir.

 

 

Odlar.media