🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:16   •   🌡️ Bakı

Pakistanda polis postuna silahlı hücum: 9 polis öldürüldü

Odlar.media xəbər verir ki, Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində silahlı şəxslərin polis postuna hücumu nəticəsində doqquz polis əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.
Hadisənin bazar ertəsi gecəsi Bəlucistan əyalətinin Ziarat rayonunun ucqar ərazilərindən birində baş verdiyi bildirilir.
Polisin məlumatına görə, hücum edənlər səkkiz polis əməkdaşını girov götürüblər. Lakin təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində onların hamısı azad edilib.
Bəlucistan hökumətinin sözçüsü Şahid Rind əməliyyat zamanı 15 silahlının zərərsizləşdirildiyini açıqlayıb. Onun sözlərinə görə, silahlı qruplara qarşı kəşfiyyat və təhlükəsizlik əməliyyatları davam etdiriləcək və hüquq-mühafizə orqanlarına qarşı istənilən hücuma qətiyyətlə cavab veriləcək.
Hücuma görə hələlik heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Bununla belə, Pakistan rəsmiləri hadisənin ölkədə qadağan olunmuş Bəlucistan Azadlıq Ordusu tərəfindən törədildiyini ehtimal edirlər.