Odlar.media xəbər verir ki, İranın Hörmüz boğazında Səudiyyə Ərəbistanına və Qətərə məxsus tankerlərə hücum etdiyi iddia olunur.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, İran Hörmüz boğazında krallığa məxsus “Vijian” neft tankerini atəşə tutub.
Bildirilib ki, Qətərə məxsus “Al-Rekkayat” tankeri də hücuma məruz qalıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi hadisəni qətiyyətlə pisləyərək bəyan edib ki, bu cür addımlar beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə və qlobal enerji təchizatına ciddi təhdid yaradır.
İyulun 7-də “Reuters” agentliyi mənbələrə istinadən xəbər verib ki, Səudiyyə Ərəbistanının bayrağı altında üzən neft tankeri Hörmüz boğazı yaxınlığında, Oman sahilləri ərazisində zədələnib.
Xatırladaq ki, bundan əvvəl ABŞ İrana Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması şərti ilə ölkənin xaricdəki aktivlərinin bir hissəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təklif etmişdi. Həmçinin iyunun sonunda ABŞ və Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası birgə bəyanat yayaraq Hörmüz boğazında tranzit rüsumlarının tətbiqinə qarşı çıxmışdı.
