🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:15   •   🌡️ Bakı

Fəridə Aslanova: “Autizmli uşağa qarşı zorakılıq təkcə bir ailəyə deyil, bütün cəmiyyətə qarşı edilən cinayətdir”

Odlar.media xəbər verir ki, jurnalist Fəridə Aslanova son günlər ictimai rezonans doğuran autizmli uşağın liftdə zorakılığa məruz qalması hadisəsi ilə bağlı fikirlərini bölüşüb. O, baş verənləri təkcə bir uşağa qarşı edilən zorakılıq kimi deyil, bütövlükdə cəmiyyətin mənəvi durumunun göstəricisi kimi qiymətləndirib.
Jurnalist bildirib ki, hər gün gündəmdə baş verən aqressiv hadisələrə münasibət bildirməməyə çalışsa da, bəzi məqamlarda susmaq mümkün olmur:
“Hər gün özümə söz verirəm ki, gündəmdəki aqressiv hadisələrə reaksiya verməyəcəyəm. Çünki gün ərzində onsuz da kifayət qədər düşünürəm. Sadə vətəndaş kimi bilirəm ki, fikir bildirsəm də, bildirməsəm də, çox şeyi dəyişmək mümkün deyil. Amma elə hadisələr var ki, orada susmaq özü də cinayətdir.”
Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülərdə özünü müəllim kimi təqdim etdiyi bildirilən şəxsin liftə minmək istəyən autizmli uşağı kobud şəkildə itələməsi normal insan davranışı sayıla bilməz.
Fəridə Aslanova qeyd edib ki, həmin görüntüləri paylaşmaq istəməyib, çünki videonun ona psixoloji cəhətdən ağır təsir göstərdiyini bildirib.
Jurnalist müşahidə kameralarının bu gün cəmiyyətdə həqiqətin ortaya çıxarılmasında mühüm rol oynadığını vurğulayıb:
“Bəzən mənə elə gəlir ki, bu dövrün ən obyektiv şahidi məhz müşahidə kameralarıdır. Onlar insanların görmədiyini görür, gizli qalan həqiqətləri üzə çıxarır, özünü günahsız göstərməyə çalışanların əsl simasını ortaya qoyur.”
Aslanovanın fikrincə, autizmli uşağa qarşı aqressiya sadəcə əsəbilik deyil, vicdan, empatiya və insanlıq hissinin olmamasının göstəricisidir.
O bildirib ki, cəmiyyətin ən həssas təbəqəsinə qarşı zorakılıq göstərmək nə güc, nə də cəsarət sayılır:
“Özünü müdafiə etməkdə çətinlik çəkən, fərqli inkişaf xüsusiyyətləri olan uşağa qarşı aqressiya göstərmək qəhrəmanlıq deyil. Bu, sadəcə alçaqlıqdır.”
Jurnalist xüsusi vurğulayıb ki, autizm xəstəlik deyil, fərqlilikdir və autizmli uşaqlar da digər uşaqlar kimi təhlükəsiz yaşamaq, hörmət görmək və dövlətin, cəmiyyətin himayəsində olmaq hüququna malikdirlər.
Onun sözlərinə görə, belə hadisələrə “əsəbiləşib”, “təsadüf olub”, “psixoloji problemi var” kimi bəhanələrlə haqq qazandırmaq olmaz. Əks halda bu gün bir uşağın üzləşdiyi zorakılıq sabah başqa uşaqların da taleyinə çevrilə bilər.
Fəridə Aslanova hüquq-mühafizə orqanlarının hadisəni obyektiv araşdıracağına və günahkarın qanun qarşısında cavab verəcəyinə ümid etdiyini də bildirib.
Jurnalist yazısında autizmli uşaqlarla bağlı şəxsi müşahidələrini də bölüşüb.
O xatırladıb ki, iki il əvvəl avtobusda ilk dəfə autizmli uşaqla qarşılaşıb. Uşağın yüksək səslər çıxarmasına görə bəzi sərnişinlər ananı ittiham etsələr də, qadın hamıdan üzr istəyərək övladının autizmli olduğunu bildirib. Həmin an avtobusda tam sükut yarandığını deyən Aslanova qeyd edib ki, insanların əksəriyyəti autizmin nə olduğunu belə bilmirdi.
Bu hadisədən sonra autizm barədə daha çox araşdırmağa başladığını bildirən jurnalist müxtəlif vaxtlarda autizmli uşaqların valideynləri ilə söhbətlər etdiyini də yazıb.
O, teatrlardan birində şahidi olduğu hadisəni də xatırladıb. Tamaşa zamanı autizmli balaca izləyici bir an belə yerində otura bilməyib, anası isə dəfələrlə onu sakitləşdirməyə çalışsa da, buna nail olmayıb. Sonda qadın insanların baxışlarından narahat olaraq övladını götürüb səssizcə zalı tərk edib.
Aslanovanın sözlərinə görə, həmin an ananın üz ifadəsi hər şeyi deyirdi:
“İnanın, mən yaxşı anayam. Övladım üçün əlimdən gələni edirəm. Amma çox şey məndən asılı deyil. Məni günahlandırmayın.”
Jurnalist daha sonra autizmli nəvəsini böyüdən bir nənə ilə, eləcə də şəhid xanımı olan və autizmli övladını təkbaşına reabilitasiya etdirən ana ilə söhbətlərindən də bəhs edib. Onun fikrincə, bu valideynlərin hər biri böyük fədakarlıq nümayiş etdirir və cəmiyyət onların yükünü daha yaxşı anlamalıdır.
Fəridə Aslanova son illərdə autizm diaqnozu alan uşaqların sayının artmasının onu ciddi narahat etdiyini bildirib. O, bu istiqamətdə daha çox elmi araşdırmalara, maarifləndirmə layihələrinə və dövlət dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
Jurnalist valideyn olmağa hazırlaşan insanları da sağlam həyat tərzinə diqqət yetirməyə çağıraraq qeyd edib ki, uşaqların sağlam gələcəyi hər bir ailənin və bütövlükdə cəmiyyətin məsuliyyətidir.
Yazının sonunda isə o, əsas problemin maarifləndirmənin kifayət qədər olmaması olduğunu bildirib:
“Əgər bu gün autizmli uşaq zorakılığa məruz qalırsa, bu, hamımızın məsuliyyətidir. Çünki cəmiyyətdə autizmlə bağlı bilik azdır. Aqressiya yox, anlayış, dəstək və mərhəmət göstərməyi öyrənməliyik.”

Mənbə: Odlar.media