🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:25   •   🌡️ Bakı

Ermənistan Türkmənistanla qaz əməkdaşlığını genişləndirmək niyyətindədir

Odlar.media xəbər verir ki, Ermənistan Türkmənistanla enerji sahəsində əməkdaşlığın inkişafını ikitərəfli münasibətlərin əsas prioritet istiqamətlərindən biri hesab edir və xüsusilə qaz sektorunda tərəfdaşlığın genişləndirilməsində maraqlıdır.
Bu barədə Ermənistanın Türkmənistandakı səfiri Arsen Avaqyan “Turkmenportal”a müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, İrəvan enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi siyasətini davam etdirir. Bu çərçivədə dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrdən biri olan Türkmənistanla əməkdaşlıq imkanlarına xüsusi önəm verilir.
Arsen Avaqyan qeyd edib ki, enerji əməkdaşlığı ilə bağlı məsələlər iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarında, eləcə də iki ölkənin aidiyyəti qurumları arasında keçirilən görüşlərdə mütəmadi olaraq müzakirə edilir.
Diplomat xatırladıb ki, 1990-cı illərdə Türkmənistan Ermənistanın əsas təbii qaz tədarükçülərindən biri olub. Onun sözlərinə görə, son illərdə tərəflər müxtəlif istiqamətlər üzrə məsləhətləşmələr və ekspert müzakirələri aparıblar, Ermənistan isə xüsusilə qaz sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirib.
Səfir əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq yalnız qaz tədarükü ilə məhdudlaşmır. Onun sözlərinə görə, tərəflər təcrübə mübadiləsi, müasir enerji texnologiyalarının inkişafı və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi istiqamətində də geniş əməkdaşlıq imkanları görürlər.