🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:33   •   🌡️ Bakı

Hikmət Hacıyev amerikalı professor Ceffri Saksla regional məsələləri müzakirə edib

Odlar.media xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda amerikalı iqtisadçı və professor Ceffri Saksla görüş keçirib.
APA-nın məlumatına görə, bu barədə Hikmət Hacıyev sosial şəbəkədəki “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüş zamanı Azərbaycanın regional geosiyasətdə oynadığı mühüm rol ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə davamlı inkişaf, geosiyasət və geoiqtisadiyyat məsələləri, həmçinin daha geniş Xəzər regionu konsepsiyası diqqət mərkəzində olub.
Hikmət Hacıyev qeyd edib ki, görüşdə Azərbaycanın “orta güc” kimi artan rolu, ölkənin sülh gündəliyi və regional məsələlərdə təşəbbüsün region dövlətlərinin öz əlində olmasının əhəmiyyəti müzakirə edilib.
“Onun elektrik avtomobilləri ilə Şərq–Qərb marşrutu boyunca həyata keçirilən “Marco Polo – Drive of Peace” təşəbbüsü dialoqun və əlaqəliliyin təşviqi baxımından ilhamverici bir nümunədir”, – deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.