🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Prezident qaz təchizatı sektorunda yeni idarəetmə modelini təsdiqlədi

Odlar.media xəbər verir ki, Azərbaycanda qaz təchizatı sektorunun bazar modelinə uyğunlaşdırılması, idarəetmədə yeni təsnifat və operatorluq sisteminin yaradılması məqsədilə dövlət nəzarəti mexanizmləri yenidən qurulur.
Teleqraf-ın məlumatına görə, Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” Qanunun icrası ilə əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin statusu rəsmi olaraq dəyişdirilərək “qaz təchizatı subyektləri” kimi təsnif edilib və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nəzarət səlahiyyətləri genişləndirilib.
Yeni tənzimləmə qaydalarına əsasən, qaz təchizatı sahəsində nəzarət və hesabatlılıq mexanizmi artıq vahid “qaz paylayıcısı” anlayışı ilə məhdudlaşmayacaq. Bundan sonra dövlət tənzimlənməsi qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru, qazın saxlanması sistem operatoru, həmçinin topdan və pərakəndə satış fəaliyyəti göstərən subyektləri əhatə edəcək.
Qeyd olunub ki, hüquqi statusundan asılı olmayaraq, qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı ilə məşğul olan bütün hüquqi şəxslər, istehlakçılar və iri sənaye müəssisələri yeni dövlət nəzarəti qaydalarına tabe olacaqlar.
Fərmanla yanaşı, dövlət qurumları arasında səlahiyyətlərin təkrarlanmasının aradan qaldırılması da nəzərdə tutulub. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin qaz təchizatı sahəsindəki bəzi nəzarət səlahiyyətləri ləğv edilib.
Bundan başqa, qanunvericiliyin unifikasiyası məqsədilə 2019, 2021 və 2023-cü illərdə qəbul edilmiş, hazırda hüquqi qüvvəsini itirmiş bir sıra tətbiq fərmanlarının müvafiq müddəaları da rəsmi olaraq ləğv olunub.