🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:33   •   🌡️ Bakı

Dövlət özəl bağçalara gedən uşaqlar üçün təhsil haqqının bir hissəsini qarşılayacaq

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı imzaladığı Fərman bu sahədə əlçatanlığın artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Fərman özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından daha səmərəli istifadə edilməsinə, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişləndirilməsinə və dövlət dəstəyinin daha effektiv mexanizmlərlə həyata keçirilməsinə xidmət edir.
Yeni maliyyələşmə modelinin əsas mahiyyəti müəyyən edilmiş qaydalar çərçivəsində övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsindən ibarətdir. Belə ki, aylıq təhsil haqqının müəyyən hissəsi dövlət büdcəsi hesabına qarşılanacaq.
Qeyd olunub ki, bu yanaşma valideyn, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə, eyni zamanda məktəbəqədər təhsil müəssisələrinin inkişafına əlavə stimul yaradılmasına şərait formalaşdıracaq. Layihənin əsas məqsədi uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarını genişləndirmək və bu sahədə əhatə dairəsini əhəmiyyətli dərəcədə artırmaqdır.
Elm və Təhsil Nazirliyi tərəfindən Fərmanın icrası istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin həyata keçirilməsinə başlanıldığı, yaxın günlərdə isə ictimaiyyətə daha ətraflı məlumatın təqdim ediləcəyi bildirilib.
Xatırladaq ki, Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə müvafiq Sərəncam imzalayıb.