Odlar.media xəbər verir ki, balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahələri üzrə normativ hüquqi aktların tələblərinə cavab verən balıqçılıq obyektlərinin ticarət dövriyyəsinə daxil edilməsinə icazə veriləcək.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, balıq məhsulları “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun şəkildə qablaşdırılacaq və etiketlənəcək. Eyni zamanda, balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi zamanı onlar “Baytarlıq haqqında” qanuna uyğun olaraq müvafiq baytarlıq sənədləri ilə müşayiət olunacaq.
Yeni qaydalara əsasən, balıqçılıq subyektləri tərəfindən balıq ovu və ya akvakultura fəaliyyəti nəticəsində əldə olunan balıq və digər su bioresurslarının mənşəyi, cinsi, növü, partiya miqdarı, çəkisi və orta ölçüləri barədə məlumatlar aidiyyəti dövlət qurumunun informasiya sisteminə daxil ediləcək.
Qanun layihəsində qeyd olunur ki, elektron sistemə daxil edilən məlumatlar əsasında balıq və digər su bioresurslarının növü və həcminə, eləcə də məhsulların minimum keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğuna müvafiq dövlət qurumları tərəfindən nəzarət həyata keçiriləcək.
Bundan başqa, ticarət dövriyyəsinə daxil edilmiş balıqçılıq məhsullarının satışı yalnız “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş satış məntəqələrində, o cümlədən xüsusi avadanlıqlarla təchiz olunmuş bazarlarda, yarmarkalarda, mağazalarda və digər ayrılmış ərazilərdə mümkün olacaq.
Layihəyə əsasən, balıq məhsullarının idxalı və ixracı da müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçiriləcək. Dondurulmuş və soyudulmuş balıq məhsullarının ixracı zamanı aidiyyəti dövlət qurumunun rəyi nəzərə alınacaq. Həmçinin, balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya olunan kürülərin idxal və ixracı zamanı da müvafiq dövlət qurumlarının rəyləri tələb olunacaq.
Qanun layihəsində vurğulanır ki, balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi prosesində şəffaflığın və dövlət nəzarətinin gücləndirilməsi məqsədilə məhsulların mənşəyi, növü, həcmi və digər göstəriciləri üzrə məlumatların elektron sistemlərdə qeydiyyatı və izlənməsi mexanizmi tətbiq ediləcək. Bu isə həm qida təhlükəsizliyinin təmin olunmasına, həm də bazar münasibətlərinin daha effektiv tənzimlənməsinə xidmət edəcək.
