🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Bakıda NATO-nun Mobil Təlim Qrupu tərəfindən hərbi kurs keçirilir

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə NATO arasında 2026-cı il üzrə “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində Bakıda NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən kurs təşkil olunub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, kurs çərçivəsində hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu tərəfindən “NATO-da təlim planlaşdırılması”, “NATO standartlarında təlimlərin keçirilməsi və məqsədlərin seçilməsi”, eləcə də digər mövzular üzrə brifinqlər təqdim edilib. Daha sonra iştirakçılar üçün qrup və fərdi məşğələlər təşkil olunub.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi İdarəetmə Kursunun dinləyicilərinin cəlb olunduğu tədbirin əsas məqsədi hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin müasir tələblərə uyğun artırılması, yeni texnoloji həll üsul və vasitələrinin tətbiqinin öyrədilməsi, həmçinin NATO standartları və prosedurları barədə biliklərinin genişləndirilməsidir.
Qeyd edək ki, kurs iyulun 2-dək davam edəcək.